Moskvada Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun sərgisi keçirilir. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatında deyilir.
“Qəlbin iki qanadı” adlı sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası, Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dəstəyi ilə təşkil olunub.
Sərginin açılışında iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Qeniyeva rəssamın istedadını yüksək qiymətləndirib və belə tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun rolunu qeyd ediblər. Bundan başqa, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubu oxunub.
Əsgər Məmmədov öz çıxışında Moskvada onun işlərindən ibarət sərginin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və bu təşəbbüsü dəstəkləyən hər kəsə təşəkkür edib. Rəssam həmçinin əlavə edib ki, sərgini “Qəlbin iki qanadı” adlandırmaqla o, Azərbaycan və Rusiyanı nəzərdə tutub.
Sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən Xocalı faciəsinə və Qarabağa həsr olunmuş əsərləri nümayiş etdirilib. Sərgi 2012-ci il martın 11-nə qədər davam edəcək.