Respublikada bank sisteminin tənzimlənməsi və nəzarətin beynəlxalq təcrübə və standartlar əsasında müasirləşdirilməsi 2012-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) əsas prioritetidir. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
ABM-nin məlumatında qeyd edilir ki, E.Rüstəmov İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında çıxış edib.
E.Rüstəmov ümumilikdə 2011-ci ilin nəticələrini müsbət qiymətləndirib.
Bununla yanaşı, AMB makroiqtisadi və maliyyə sabitliyini təmin edən yeni mexanizmlərin inkişafı üçün dünyada uğurla tətbiq edilən yeni standartlardan istifadə etməyi planlaşdırır.
Bankın İdarə Heyəti sədrinin fikrincə, 2012-ci ildə layihələrin reallaşdırılması AMB-nin instutsional təkmilləşdirilməsinə və müasirləşməsinə xidmət edəcək. Yaxın illərdə bank üçün əsas prioritetlərdən biri də insan kapitalının inkişafı olacaq.
E.Rüstəmov əlavə edib ki, AMB “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının işlənməsi və həyata keçirilməsində fəal iştirak edəcək.
AMB-nin rəhbəri elektron ödəniş sistemlərinin inkişafını 2011-ci ildə əldə edilmiş uğurlar sırasında qeyd edib.