23 mart 2012-ci ildə müasir Rusiya estradasının misilsiz ulduzu Zemfiranın Buta Palace səhnəsində BUTA Production şirkəti tərəfindən təşkil edilmiş konserti keçiriləcək.
Müasir musiqi sənətinin pərəstişkarları üçün Zemfira – sadəcə bir ad deyil, o, bir brenddir. Bu, musiqi və ifa keyfiyyətinin, sözlərdəki səmimiliyin, həyatiliyin və bütün bunların arxasında duran istedadlı müğənniyə, bəstəkara və müəllifə xas olan qeyri-adiliyin və dahiyanəliyin brendidir.
Bakıda keçiriləcək konsertində Zemfira özünün həm hamı tərəfindən sevilən köhnə hitlərini, həm də yeni proqrama daxil olan mahnılarını ifa edəcəkdir.
“Buta” İncəsənət Mərkəzinin və BUTA Production şirkətinin Baş Direktoru cənab Nəsib Piriyev bu hadisəni belə şərh etmişdir: “Hələ ötən il biz Buta İncəsənət Mərkəzinin nəznində böyük kommersiya konsertlərinin keçirilməsi sahəsində peşəkarlardan ibarət güclü komandaya malik olan Buta Production şirkətini yaratdıq. Bu gün Azərbaycanda səhnə, səs, işıq və xüsusi effektlər tərtibatı və həmçinin, birinci dərəcəli musiqiçilərin sifarişi və onların qastrolları zamanı lazım olan hər şeylə təmin olunması sahəsində mütəxəssislərin çatışmazlığı problemi kəskin şəkildə durur. Bizim komanda mürəkkəb iri miqyaslı layihələrin təşkilində sürətlə təcrübə toplayır və artıq yaxın xaricin prodüserlər dairəsində müsbət reputasiya qazanmışdır. Və bu da ilk nəticə - uzun sürən danışıqlardan sonra Zemfira və onun menecmenti bizimlə əməkdaşlıq etməyə və Bakıya gəlməyə razılıq verdilər. Təəssüflər olsun ki, onların şəhərimizdə əvvəlki iş təcrübəsi məhz konsertin təşkili baxımından çox çətin olmuşdur. Əminəm ki, biz musiqiçinin bütün yüksək tələblərini təmin edə biləcəyik və bu da sözsüz ki, qrupun çıxışında öz əksini tapacaqdır. Mən Bakıda olan gözəl musiqi pərəstişkarlarını qarşıdan gələn bu tədbir münasibətilə təbrik edirəm – rus rokunun əfsanəsi olan Zemfira bizim Novruz bayramını təbrik etməyə gəlir!”
Biletlərin qiyməti 55 manatdan (Standart) 300 manata (VİP) qədərdir. Biletləri Bakı şəhərinin kassalarından almaq olar. BUTA Production şirkətinin əlaqə telefonu: 055444 5444
“Buta” İncəsənət Mərkəzi haqda:
2004-cü ildə Azərbaycan incəsənətini təbliğ edən mərkəz kimi yaradılmış “Buta” İM hazırda bütün dünyadan olan mədəniyyət nümayəndələri ilə əməkdaşlıq edir və incəsənət və mədəniyyət sahəsində böyük beynəlxalq tədbirlərdə iştirak edir. “Buta” İM-in Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırmaq istəyi və Mərkəzin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini vermişdir – mərkəzin fəaliyyəti nəticəsində xaricdə hər il daha çox insan Azərbaycanın zəngin mədəniyyəti haqda öyrənir. 2010-cu ildə Mərkəz 5 illiyini Londonda Azərbaycan İncəsənətinin 100 günlük Festivalı ilə qeyd etmişdir.