Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASTMK) Gürcüstanda Azərbaycan İş Adamları Assosiasiyası ilə əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırır. Bu barədə ASK-nın məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, bu sazişin imzalanması barədə məsələ ASTMK-nın prezidenti Məmməd Musayev və Gürcüstanda Azərbaycan İş Adamları Assosiasiyasının prezidenti Mahir Məmmədov arasında müzakirə edilib.
M.Musayev ötən həftə Tiflisdə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumun işində iştirak edib.
Forum çərçivəsində ASTMK rəhbəri Türkiyənin TOBB (Türkiyənin Odalar və Borsalar Birliyinin) prezidenti Rıfat Hisarcıklıoğlu ilə görüş zamanı Azərbaycan və Türkiyə sahibkarları arasında mövcud münasibətlərin genişlənməsi məsələsi müzakirə edilib. M.Musayev həmçinin Türkiyəli sahibkarları daha fəal əməkdaşlığa cağırıb, ASTMK və TOBB arasında münasibətlərin genişlənməsinə tərəfdar çıxıb.
Konfederasiya rəhbəri həmçinin Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze ilə görüş keçirib. Burada sahibkarlığın inkişafı, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artımı müzakirə edilib.
ASTMK 1999-cu ilin martında təsis edilib. Hazırda 3,6 min şirkət və 40-a qədər müxtəlif sahibkarlar birlikləri onun üzvüdür.