Yanvar ayında Azərbaycanda qida məhsulları istehsal edən iki obyekt sanitar normalarını pozduqlarına görə fəaliyyətini dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Səhiyyə Nazirliyinin sanitar epidemioloji xidmətinin keçirdiyi reydlər nəticəsində istehsal obyektlərinin 31 sahibini cərimələndirmək barədə qərar qəbul edilib, bundan başqa, 2 obyektin fəaliyyəti dayandırılıb, bir nəfər qida məhsullarının istehsalı, satışı və saxlanması sahəsində pozuntulara görə işindən kənarlaşdırılıb.
Bu qərar qida məhsulları nümunələrinin laboratoriya tədqiqatlarının nəticələri əsasında qəbul edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə yanvar ayı ərzində qida məhsullarından 61 zəhərlənmə hadisəsi qeydə alınıb, nəticədə 66 nəfər zərər çəkib.