2011-ci ildə Göygöl rayonunda sahibkarlar 750 min manat məbləğində güzəştli kredit alıblar. "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosundan verilən məlumata görə, bu barədə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat iclasında bildirib.
Güzəştli kreditlər rayonda fəaliyyət göstərən 39 sahibkara verilib.
2011-ci ilin yekunları üzrə ÜDM-in həcmi 113 mln. manat təşkil edib.
"2011-ci ildə rayon üzrə orta əmək haqqı 199 manat olub, 444-ü daimi olmaqla 489 yeni iş yeri açılıb", - deyə A.Seyidov qeyd edib.
Onun sözlərinə görə, rayon üzrə kapital qoyuluşlarının həcmi 36 mln. manat təşkil edib.
2011-ci ildə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzildən ibarət 4 mərtəbəli bina istismara verilib. Bundan başqa, rayonda yeni məktəb, eləcə də Dövlət Sosial Müdafiə Fondu və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbələrinin inzibati binaları inşa edilib.
Həmçinin Olimpiya Kompleksinin tikintisi davam edir.