Dünya ictimaiyyəti Xocalı faciəsinə hüquqi qiymə verməlidir. Bu barədə Azərbaycan hakim partiyasının icraçı katibi Əli Əhmədov çərşənbə günü Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilən tədbirdə bildirib.
“Xocalı faciəsi - XX əsrin sonunda bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biridir. Biz hər zaman ikili standartlara qarşı olmuşuq və Xocalıda baş verən qanlı hadisələr barədə həqiqəti səylərimizlə dünya ictimaiyyətinə çatdırmağa davam etməliyik”, - deyə Ə.Əhmədov bildirib.
“Azərbaycanın faciəsi – bizim də faciəmizdir, Azərbaycan xalqına başsağlığı veririk. İkili standartlar qəbuledilməzdir və dünya ictimaiyyəti Xocalıda baş verən hadisələrə ədalətli qiymət verməlidir. Biz hər zaman Azərbaycanla olacağıq”, - deyə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.
Tədbirdə həmçinin Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, deputatlar və ictimaiyyət nümayəndələri çıxış ediblər.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.