Fevralin 24-də Bakıda Xocalı faciəsinin 20-illiyinə həsr edilən elmi konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Konfransda, xüsusilə, alimlərin “Xocalıda soyqırım – demokratik dəyərlərə və beynəlxalq hüquqa qəsd”, “Xocalıda soyqırım və qadınların hüquqları”, “Xocalıda soyqırım terror faktı kimi”, “Xocalıda qətllərin soyqırım kimi qəbulunun prosessual-hüquqi baxışları” və s. çıxışları dinləniləcək
“Dünyada baş verən siyasi hadisələr fonunda Azərbaycan xalqına qarşı erməni millətçilərinin törətdiyi soyqırım həqiqi qiymətini almalıdır”, - deyə AMEA-dan qeyd edilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.