Azərbaycanın istintaq orqanları barələrində 1992-ci ildə Xocalı şəhərində soyqırım törətdikləri ittihamı irəli sürülən 39 şəxsin axtarışını elan edib. Bu barədə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusi istintaq şöbəsinin rəisi Mehman Poladov məlumat verib.
“Xocalıda soyqırım törədən, axtarışda olan 39 şəxsdən 18 nəfər SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının keçmiş hərbi qulluqçuları, 8 nəfər – daxili işlər orqanlarının əməkdaşları, 5 nəfər – vəzifəli şəxslər, 8 nəfər – mülki şəxslərdir”, - deyə M.Poladov cümə günü Bakıda keçirilən “Xocalı soyqırımı - Bəşəriyyətə qarşı cinayət” beynəlxalq konfransda çıxışında bəyan edib.
“Bu şəxslərin soyqırımda iştirakı istintaqla sübut edilib”, - deyə o vurğulayıb. O qeyd edib ki, şəhərin işğalı nəticəsində yerli əhaliyə $170 mln.-dan artıq məbləğdə zərər vurulub.
Ümumilikdə, o qeyd edib ki, Azərbaycanın istintaq orqanları Dağlıq Qarabağ münaqişəsində soyqırım aktlarının törədilməsində günahkar 239 şəxs barədə operativ-axtarış tədbirlərini həyata keçirir.
M.Poladov məlumat verib ki, Xocalı soyqırımı ilə əlaqədar 3500 nəfər dindirilib, 2 mindən artıq şəxs zərər çəkmişlər qismində tanınıb, 4 mindən artıq istintaq tədbirləri həyata keçirilib.
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədri Şahin Camalov öz növbəsində qeyd edib ki, Xocalıda baş verən hadisələr törədilmiş cinayətin xarakteri üzrə “soyqırım” anlayışına tam uyğundur. “Təəssüf edirəm ki, Xocalıda baş verən hadisələri soyqırım kimi qiymətləndirməyə imkan verən bütün faktlara baxmayaraq, dünyada indiyə qədər bu faciəyə lazımi siyasi-hüquqi qiymət verilməyib”, - deyə o bildirib.
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər, yerli əhaliyə qarşı soyqırım törədiblər. Bir neçə saat ərzində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. Daha 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb. 150 nəfər əsirlərin taleyi hələ də məlum deyil.