Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov cümə axşamı Tovuz rayonunun Vahidli kəndində olub və burada bir il əvvəl başlamış “Özünədəstək” birdəfəlik ünvanlı sosial yardım proqramının reallaşdırılması ilə tanış olub.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, nazir bildirib ki, Vahidli kəndində 18 ailəyə şəxsi təsərrüfatlarının yaradılması məqsədilə birdəfəlik yardım verilib.
“Eləcə də bu ailələrin sahibkarlığa maraq göstərən üzvləri üçün mikrokreditlərin ayrılması təşkil olunacaq ki, onlar öz təsərrüfatlarını fermer təsərrüfatı səviyyəsinə yüksəldə bilsinlər”, - deyə F.Ələkbərov qeyd edib.
Nazirliyin məlumatına əsasən, layihə çərçivəsində Vahidli kəndində ünvanlı sosial yardım alan 52 ailədən 15-nə yanı balalı inək, 3 ailəyə isə quzuları ilə yeddi qoyun verilib.
“Layihəyə əsasən, nazirliyin nümayəndələri ayda bir dəfədən az olmayaraq monitorinqlər keçiriblər. Nəticədə məlum olub ki, proqram özünü doğruldur, ailələr onlara verilən mal-qaradan gəlir əldə edə biliblər”, - deyə F.Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi yoxsul ailələri fəal sosial-müdafiə tədbirlərinə cəlb etmək və onların ünvanlı sosial yardımdan asılılıqlarını aradan qaldırmaqdır.
Layihə 2012-ci ilin sonuna qədər Tovuz rayonunun digər sərhədyanı qəsəbələrində də reallaşdırılacaq.