Hazırda Ermənistanın müdafiə naziri postunu tutan Seyran Ohanyan Xocalı soyqırımında bilavasitə iştirak edib. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücumda SSRİ 366-cı motoatıcı alayın Stepanakertdə yerləşən 2-ci batalyonunun komandiri Seyran Ohanyan (Ermənistanın hazırkı müdafiə naziri – İF-Az), həmin alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokix, 1 saylı batalyonunun qərargah rəisinin müavini Valeri Çitçiyan iştirak ediblər”, - deyə Z.Əsgərov cümə günü Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilən Milli Məclisin xüsusi iclasında bəyan edib.
Ümumilikdə, o qeyd edib ki, Xocalıya hücum əməliyyatında Ermənistanın hərbi birləşmələri, onun Dağlıq Qarabağdakı terror dəstələri, həmçinin SSRİ 366-cı motoatıcı alayı və bu alaya məxsus 90-dan çox tank və zirehli hərbi maşınlar iştirak edib.
Milli Məclisin birinci vitse-spikeri qeyd edib ki, Azərbaycanın güclü ordusunun mövcudluğu Xocalı faciəsinin təkrar edilməməsinə zəmanətdir. “Azərbaycanın Silahlı qüvvələrə layırdığı maliyyə vəsaitləri Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Azərbaycanın işğal edilən əraziləri azad etmək üçün bütün imkanları var”, - deyə Z.Əsgərov bəyan edib.
Lakin, o qeyd edib ki, Azərbaycan tərəfi əraziləri sülh yolu ilə azad etmək məqsədilə danışıqlara davam edir.
Parlamentin spikeri Oqtay Əsədov öz tərəfindən qeyd edib ki, Xocalı faciəsi Cənubi Qafqaz və Şərqi Avropa ərazisində azərbaycanlılar və türklərdən etniki təmizlənmə siyasətinin davamı və yeni qanlı səhifə olub. Bu siyasətin 100 yaşı var və onu ermni millətçiləri həyata keçirir. Son 100 il ərzində bu qüvvələr tərəfindən təxminən 2 milyon günahsız azərbaycanlı və türk qətlə yetirilib”, - deyə spiker bəyan edib.
Onun sözlərinə görə, ötən əsrdə 500 min azərbaycanlı tarixi torpaqlarından qovulub. SSRİ dövründə Azərbaycanın bir neçə rayonu Ermənistana verilib. “1988-1993-cü illər ərzində Ermənistan və Dağlıq Qarabağdan 1 milyondan artıq azərbaycanlı qovulub”, - deyə O.Əsədov bildirib.
Spiker Milli Məclisin Xocalı soyqırımına dair qərar layihəsinin hazırlanması üzrə parlament komissiyasının yaradılmasını həvalə edib. Komissiyaya birinci vitse-spiker Z.Əsgərov rəhbərlik edəcək.