“Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 4 şirkət məsləhətçi xidmətlərin göstərilməsi üçün təkliflər təqdim edib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
“Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi Dünya Bankının krediti hesabına reallaşdırılır.
Layihə çərçivəsində məsləhətçi xidmətlərinin həyata keçirilməsinə “Corporate solutions”, “Deloitte & Touche LLC”, “NASDAQ OMX” şirkətləri və “Türkiyə kapital bazarları şurası” namizəddir.
İkinci mərhələdə tender komissiyası bu şirkətlərin texniki və maliyyə təkliflərinin aspektlərini qiymətləndirəcək.
Xəbər verildiyi kimi, məsləhətçinin vəzifəsinə layihənin 4 komponenti üzrə işlərin icra edilməsi daxil olacaq.
Layihənin birinci komponenti bazar infrastrukturunun təkmilləşdirilməsinə yönəlib və post ticarət əməliyyatları üzrə strukturun təsis edilməsinə yardımı, bazar əməliyyatlarının avtomatlaşdırılma səviyyəsinin artırılmasını; qiymətli kağızlar bazarının güclü mexanizmlərlə təminatını; birjadan kənar əqdlərin sayının azaldılmasını nəzərdə tutur.
İkinci komponent qanunvericiliyin təkmilləşdirilməsi və bazarın tənzimlənməsi məsələləri ilə bağlıdır. Bu istiqamətdə məsləhətçinin funksiyalarına qiymətli kağızlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsində kömək göstərilməsi, qanuni normativ bazanın hazırlanması; qiymətli kağızlar bazarının institusional strukturu üzrə təkliflərin hazırlanmasına texniki dəstək; qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının kapitalına minimal tələblərin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üçün metodikanın hazırlanması daxildir.
Layihənin üçüncü komponenti bazarda tələbatın stimullaşdırılmasına yönəlib və Bakı Fond Birjasında listinq üçün əlverişli şəraitin formalaşdırılmasını; dövlət qiymətli kağızlar bazarının inkişafı; korporativ borc kağızları bazarının inkişafının stimullaşdırılması; digər maliyyə alətlərinin inkişafını nəzərdə tutur.
Dördüncü komponent institusional inkişaf və investorların potensialının artırılması ilə bağlıdır. Bu istiqamətdə QKDK-nın tənzimləmə potensialının gücləndirilməsi; idarə etmə sisteminin və QKDK-nın əməliyyat sisteminin gücləndirilməsi; kapital bazarları üzrə tədris mərkəzinin yaradılması; beynəlxalq investorlar arasında Azərbaycanın qiymətli kağızlar bazarının təbliğatı planlaşdırılır.
Bununla əlaqədar olaraq, məsləhətçi bu istiqamətlər üzrə müxtəlif tədqiqatlar aparmalı, təlimatlar, tədris materilları hazırlamalıdır.
DB-nin krediti 3 illik güzəştlə 15 il müddətə veriləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövrü ərzində bank təxminən $3 mlrd. məbləğində kredit verilməsini təsdiq edib.