Bakı Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi ilə bağlı təşəbbüsləri ilk gündən dəstəkləyib. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda brifinqdə bəyan edib.
“Dağlıq Qarabağın icmaları arasında belə görüşlər nə qədər çox keçirilsə, regionda sülh o qədər tez bərqərar olar”, - deyə nazir vurğulayıb.
“Azərbaycan öz siyasətində həmişə mehriban qonşuluq prinsiplərinə əsaslanıb”, – deyə XİN başçısı qeyd edib.
E.Məmmədyarov həmçinin bildirib ki, mart ayının ikinci həftəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə regionuna növbəti səfəri gözlənilir.
Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin sonuncu görüşü çərşənbə günü Moskvada keçirilib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.