Dövlət uşaqların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həllində fəal iştirak etməlidir. Bu barədə BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard cümə günü keçirilən dəyirmi masada məlumat verib.
“BMT-nin Uşaq hüquqları Konvensiyasına qoşulan hər bir ölkədə bu sahədə problemləri lazımi fəal və operativ şəkildə həll etməlidir. Bunun üçün hamıya zəruri tövsiyə və tapşırıqlar verilir”, - deyə M.Herevard tədbirdə bildirib.
Onun sözlərinə görə, yetim, kimsəsiz və təcavüzə məruz qalan uşaqların problemlərinin həlli dünyanın bütün ölkələrində prioritet məsələlərdir.
“Hər beş ildən bir biz hər ölkə üzrə vəziyyətlə bağlı ayrıca hesabat hazırlayırıq, lakin əfsuslar olsun ki, bu cür problemləri olan uşaqların sayı artır”, - deyə o bildirib.
Nümayəndəliyin rəhbəri həmçinin qeyd edib ki, UNESCO Azərbaycanda bu məsələlərin hökümət səviyyəsində həlli üçün cəhd edəcək.
Müzakirədə iştirak edən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və bir neçə dövlət qulluqçuları hər beş ildən bir uşaqlarla iş üzrə hesabatın yüksək qiymətləndirildiyi BMT-nin Uşaq Hüquqları Komitəsinin iclaslarında vaxtaşırı iştirak edirlər.