Azərbaycan və Türkiyənin “Azər-Türk Bank”ı Bakı Banklararası Valyuta Birjasında Zəmanətli Pul Bazarı seqmentinin iştirakçısı olub. Bu barədə Bakı Banklararası Valyuta Birjasının məlumatında bildirilir.
“Azər-Türk Bank” ASC Zəmanətli Pul Bazarının market-meykeri statusunu almış 11-ci bankdır.
Xəbər verildiyi kimi, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı, Bakı Banklararası Valyuta Birjası və pul bazarının bir sıra market-meyker bankları arasında Zəmanətli Pul Bazarı üçün hüquqi əsas olan kollektiv saziş imzalanıb.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Onun səhmdarları Türkiyə tərəfdən “T.C.Ziraat Bankasi” və “Ziraat Bank International”, Azərbaycan tərəfdən bir neçə hüquqi şəxsdir.
“Azər-Türk Bank” 2010-cu ilin yekunlarına əsasən, “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 724-cü, Azərbaycan bankları arasında 28-ci yeri tutur.
Zəmanətli Pul Bazarı banklararası kredit bazarının seqmentidir ki, burada kredit əməliyyatları üzrə öhdəliklərin icrasına Mərkəzi Bank tərəfindən zəmanət verilir. Bankların ticarət limitləri AMB tərəfindən müəyyənləşdirilir və bütün iştirakçılar arasında razılaşdırılır. Ticarət limitlərinin dəyişdirilməsi haqqında qərarlar da AMB tərəfindən baxılır və qəbul edilir. Banklar faiz dərəcələrini müstəqil surətdə təyin edir.