Bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti dünyanın iri sənaye sərgisi olan “Mobile World Congress 2012”də iştirak edir. Bu barədə nazirliyin məlumatında bildirilir.
RİTN-in Aparat rəhbəri Vidadi Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə ölkənin mobil rabitə operatorlarının təmsilçiləri də daxildir.
Tədbirdə 1,4 mindən çox şirkət və istehsalçı iştirak edir.
Sərgidə mobil innovasiyalar, əlavələr, açıq mobil sistemlər, internet texnologiyaları nümayiş etdiriləcək. Həmçinin, bir sıra iri korporosiya rəhbərlərinin müxtəlif mövzular üzrə çıxışları, seminarlar, sessiyalar, forumlar keçirilməsi planlaşdırılır.
WMC ərəfəsində bir çox istehsalçılar artıq özlərinin 2012-ci ildə buraxılacaq yeni qurğularını nümayiş etdiriblər. Bu il mobil qurğu istehsalçıları diqqətlərini böyük məhsuldarlığa malik böyük ekranlı, ikinüvəli və dördnüvəli smartfonlara yönəldiblər.
Barselonda “Microsoft” korporasiyasının Windows 8 əməliyyat sisteminə həsr edilən geniş təqdimat keçirəcəyi də gözlənilir.