Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanvar-fevral aylarında qanunsuz ovla məşğul olan 85 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Saxlanılan şəxslərdən 73 ədəd ov tüfəngi, 233 ədəd patron, aralarında “Qırmızı kitab”a düşmüş növlərin də olduğu 164 baş quş müsadirə edilib.
Saxlanılan 55 şəxs barəsində protokol tərtib edilib, onlardan 24-nə ümumi məbləği 24 min manat cərimə tətbiq edilib, 31 qanun pozucusunun işinə qanunvericiliyə uyğun olaraq baxılacaq, 30 nəfərin işi isə baxılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Reydlər zamanı nazirliyin əməkdaşlarına hücum faktı qeydə alınıb. Belə ki, Sabirabad, İmişli və Saatlı rayonlarında yoxlamalar zamanı adları “Qırmızı kitab”a düşmüş quşların ovu ilə məşğul olan üç nəfər saxlanılıb. Sənədlərin yoxlanılması zamanı saxlanılan şəxslər müqavimət göstərərək, nazirliyin əməkdaşlarından birinə xəsarət yetirib və hadisə yerindən qaçıblar. Nazirliyin əməkdaşlarının səyləri nəticəsində qanun pozucularından biri saxlanılıb. Ondan 1 ədəd tüfəng, 17 ədəd patron, 5 baş “Qırmızı kitab”a salınmış quş götürülüb. Bu faktla bağlı sənədlər Rayon Prokurorluğuna təqdim olunmaq üçün hazırlanır.