Mart ayının 10-11-də Bakıda 45 dən artıq ali məktəbin iştirakı ilə “Xarici ölkələrin ali məktəblərində təhsil” sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Sərgidə Avstraliya, Şimali Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsveç, Rumıniya, İtaliya, Türkiyə və digər ölkələrin ali məktəbləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə dünyanın 14 ölkəsindən ali məktəblər təmsil olunacaq.
Tələbələrə dil kursları, biznes proqramları və pulsuz təhsil haqqında, eləcə də ölkənin təhsil sistemi, ali məktəblərə daxil olmaq üçün tələblər, təhsilin qiyməti və s. barədə tam məlumat veriləcək.
Sərgi Türkiyənin tanınmış “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil edilib. Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin, eləcə də ölkənin rəsmi şəxslərinin sərgidə iştirakı gözlənilir.