Avropa İttifaqı Azərbaycanla enerji dialoqunun aktivləşməsini alqışlayır. Bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının Xarici əlaqələr Şurasının iclasının yekunlarına dair qəbul edilən qərarda bildirilir.
“Avropa İttifaqı, Azərbaycan və Türkmənistanla Transxəzər boru kəmərinin inkişafına dair danışıqlara başlaması daxil olmaqla “Cənub enerji dəhlizi”nin reallaşmasında irəliləyişi alğışlayır”, - deyə fevralın 27-də Şuranın qəbul etdiyi və çərşənbə axşamı Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanda yaydığı qərarda bildirilir.
Avropa İttifaqı Xarici əlaqələr Şurası həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin zəif irəliləyişinə təəssüf edir, Rusiya prezidenti D.Medvedevin vasitəçilik səylərini alqışlayır, münaqişə tərəflərinə qarşılıqlı etibar tədbirlərinin möhkəmlənməsində yardım etməyə hazır olduğunu və ümumilikdə problemin həllində Brüsselin daha fəal iştirak etmək niyyətində olduğunu bildirir. Şura ATƏT-lə sıx koordinasiyada Ali nümayəndəni və (Avropa) komissiyanı Dağlıq Qarabağ üzrə post münaqişə ssenarilərini əsas kimi gələcəkdə Avropa İttifaqının cəlb edilməsi üçün inkişaf etdirməyə dəvət edir” , - deyə Şuranın qərarında qeyd edilir.
İclas zamanı Şura həmçinin Assosiasiya haqqında razılaşma çərçivəsində (Association Agreement) Azərbaycanla danışıqların inkişafında irəliləyişi təsdiq edib, ölkə hakimiyyətini demokratik islahatları davam etdirməyi çağırıb, korrupsiya ilə mübarizənin vacibliyini qeyd edib.