Azərbaycan bankları xarici bazarlara daha sürətlə çıxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.
"Bizim banklar xarici bazarlara daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcək. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcək”, - deyə dövlət başçısı çərşənbə axşamı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən bildirib.
Prezident hesab edir ki, dövlət özəl şirkətlərə kömək göstərməlidir ki, xarici bazarlara çıxsınlar. Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi birgə işləməli və mənə konkret təklif verməlidirlər. Mən birinci dəfə deyil ki, bu barədə danışıram. Ancaq hələ ki, mən belə real nəticə görmürəm. Mənə konkret təkliflər verilsin”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması məsələsi birgə hökumətlərarası komissiyalarda müzakirə edilməlidir. Azərbaycan şirkətləri üçün tərəfdaş olduğumuz ölkələrdə xüsusi güzəştli şərait yaradılmalıdır. Biz hesab edirik ki, bu, ədalətli olar. Beləliklə, biz özəl şirkətləri də xarici bazarlara çıxarmalıyıq”, - deyə Prezident bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2012-ci ilin 1 yanvar tarixinə xarici ölkələrdə Azərbaycan bankları tərəfindən təsis edilmiş 9 struktur fəaliyyət göstərir (2010-cu ilin sonuna 8 – İF-Az). Onlardan 2-si törəmə bank, 1-i – filial, 6-sı isə nümayəndəlikdir.