Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi yaxın 2-3 ildə kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəyan edib.
“Bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artıb və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılıb. SKMF-in güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodu və digər müəssisələrin tikintisi aparılır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan regionlarında sənayeləşmə prosesi fəal şəkildə həyata keçirilir. Xüsusilə Gəmiqayırma zavodunun, yeni sement zavodlarının, Günəş panelləri zavodunun, kafel-metlax, kağız emalı, bitki yağları zavodları, boya fabrikinin, gübrə zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Ş.Mustafayev əlavə edib ki, ixrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdiriləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.