Naxçıvan Avtomobil Zavodu (NAZ) MMC “Crossover” və avtomat sürət qutusuna malik modellərin istehsalına başlayıb. Bu barədə zavodun icraçı direktoru Polad Sadıxov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bildirib.
“Bizim əsas məqsədlərimizdən biri ölkənin avtomobil bazarında rəqabət qabiliyyətini təmin etməkdir. Bunun üçün biz avtomobillərin ehtiyat hissələrinin də istehsalına başlamağı planlaşdırırıq”, - deyə P.Sadıxov qeyd edib.
Onun sözlərinə görə, zavod istehsal edilən avtomobilləri gələcəkdə xaricə ixrac etmək niyyətindədir.
P.Sadıxov əlavə edib ki, zavod əlillər üçün xüsusi minik avtomobilləri istehsal edir.
Naxçıvan Avtomobil Zavodu MMC 2010-cu ildə istifadəyə verilib. Zavod ildə 5 min avtomobil istehsal etmək gücünə malikdir.