Alternativ energetikanın inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasının əsas istiqamətlərindən biri olacaq. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş zamanı məlumat verib.
Konsepsiyanın hazırlanması barədə sərəncam 2011-ci il 29 noyabr tarixində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
“Hazırda alternativ energetika üzrə qanunverici bazanın hazırlanması üzərində iş aparılır. Biz ümid edirik ki, bir il–il yarım ərzində bütün qanun layihələri parlament tərəfindən təsdiq ediləcək və bu özəl investorların bu sahəyə cəlb edilməsinə imkan yaradacaq. Ümumilikdə, biz alternativ energetika sahəsini, onu inkişaf etdirməyə başlayacaq özəl sektora vermək istəyirik”, - deyə nazir qeyd edib.
N.Əliyevin fikrincə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, həmçinin innovasiyaların inkişafı üzrə işləri daxil etmək lazımdır.
“Bizim əsas məqsədimiz yalnız orta və kiçik biznesi inkişaf etdirməkdən deyil, həm də böyük fabrik və zavodları işə salmaqdan ibarətdir. 2011-ci ildə 50 min ton gücə malik Gəncə alüminium zavodu istifadəyə verilib. Perspektivdə Gəncədə texnopark yaradılacaq, onun ərazisində həmçinin digər müəssisələr tikiləcək”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2012-ci ildə Sumqayıt Texnoparkında bir sıra müəssisələr istifadəyə veriləcək.
“Bundan başqa, biz tərəfdən Sumqayıtda neft orqanikası üzrə müəssisələrin yaradılmasına yönəldilən neft-kimya kompleksinin bərpası üzrə proqram hazırlanıb. Tullantıların emalı üzrə daha böyük texnoparkın Balaxanı poliqonu əsasında yaradılması planlaşdırılır”, - deyə o məlumat verib.
N.Əliyev qeyd edib ki, Azərbaycanda yaxın illər ərzində kənd təsərrüfatı və sənaye təyinatlı çoxlu xammal məhsulu istehsal ediləcək.
“Bu emal sənayesinin inkişafına təkan verəcək və düşünürəm ki, yaxın 10 il ərzində biz bu istiqamətdə böyük uğurlara nail olacağıq”, - deyə o bildirib.