“Azersu” Səhmdar Cəmiyyəti Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası üzrə işlərin başa çatdırılması üçün podratçı seçir. Bu barədə cəmiyyətdən məlumat verilib.
Layihə Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşdirilir.
Tender üzrə işin həcminə: iki artezian quyusunun qazılması, 55,5 min metr uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, evlərin su ilə təchizatı, 3340 su sayğacının quraşdırılması, 46,6 min metr uzunluğunda kanalizasiya şəbəkəsinin çəkilməsi və s. işlər daxildir.
Bütün işlərin reallaşdırılmasının ümumi müddəti – 548 gündür.
Tenderdə iştirak haqqı – 100 manat ($130) təşkil edir.
Tender təklifləri aprelin 20-nə qədər qəbul edilir. Tender proseduru həmin gün keçiriləcək.
Xəbər verildiyi kimi, 2011-ci ilin sonunda AİB Azərbaycanın regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $300 mln. məbləğində kredit verilməsinin təsdiq edib. Bu AİB-in Azərbaycan üçün təsdiq etdiyi su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına $600 mln. həcmində çoxtranşlı maliyyələşdirmə çərçivəsində ikinci tranşdır.
İkinci tranşın vəsaitləri ilk növbədə, Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması çərçivəsində görülən işlərin başa çatdırılmasına yönəldiləcək. Qalan vəsait hesabına layihənin Beyləqanda da həyata keçirilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2009-cu il sentyabrın 23-də su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün Azərbaycana $600 mln. məbləğində çoxtranşlı maliyyə vəsaitinin ayrılmasını təsdiq edib. Azərbaycan höküməti səkkiz illik investisiya proqramı çərçivəsində bu məqsədlərə $200 mln. ayırmağı planlaşdırır. Bununla yanaşı, bankın kreditinin birinci tranşı $75 mln. təşkil edib.
2004-cü ildə AİB üç şəhərin – Naxçıvan, Ağdaş və Göyçayın su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə Azərbaycana $30 mln. həcmində kredit ayırıb.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Azərbaycanda energetika, nəqliyyat, ASK, MKT, özəl sektorun inkişafı sahəsində 15 layihə üzrə bankın kredit portfeli $720 mln.-dan artıq təşkil edib.
AİB-ın 2011-2013-ci illərdə Azərbaycan üzrə biznes-planına uyğun olaraq, bank 2011-ci respublikaya təxminən $1 mlrd. ümumi məbləğdə vəsait ayırmağı planlaşdırır.