“BTC Co” şirkətinin (Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisi və istismarı üzrə operator, BTC) BTC layihəsi üzrə əsaslı xərclərinin ümumi həcmi, 2010-cu il ilə müqayisədə 18,1% - $40,5 mln.-a qədər artıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə “BTC Co”nun mətbuat xidmətindən məlumat verilib.
“2012-ci ildə BTC neft kəmərinin xidmətinə əsaslı xərclərin həcmi $55,7 mln. səviyyəsində planlaşdırılır”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
“BTC Co”nun məlumatına görə, 2006-cı ilin iyunun 4-dən BTC neft kəmərinin istismara daxil edilməsindən etibarən indiyə qədər Ceyhan limanında 1804 tanker yüklənib, yəni BTC vasitəsilə dünya bazarlarına 185 mln. tondan çox neft çatdırılıb. Bu dövr ərzində BTC vasitəsilə 8 mln. ton kondensat nəql edilib.
“Hazırda BTC neft kəmərinin ötürmə qabiliyyəti gün ərzində 1,2 mln. barel neft təşkil edir. İndiyə qədər BTC vasitəsilə nəql edilən neftin birgünlük həcminin ən yüksək göstəricisi 1,044 mln. barel neft təşkil edib”, - deyə “BTC Co”-dan məlumat verilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC neft kəməri ilə nəql olunur. Bundan başqa, 2010-cu ilin iyun ayından başlayaraq, bu boru kəməri ilə Türkmənistan neftinin nəqli həyata keçirilir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti gün ərzində 1,2 mln. barel neft təşkil edir.
Layihənin iştirakçıları: BP (30,1%); SOCAR (25,00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5,00%); Itochu (3,40%); ConocoPhillips (2,50%); INPEX (2,50%), Total (5,00%) və Amerada Hess (2,36%) şirkətləridir.