“Azərsu” ASC 2012-ci ildə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulması üzrə işlərin aparılmasına podratçılar seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Elana əsasən, tender işləri: Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində binaların və qurğuların yenidənqurulmasını; Xırdalan şəhərinin su təchizatı sisteminin yenidənqurulmasını; Xırdalan-Xocahəsən kanalizasiya kollektorunun tikintisini; Şirvan-Salyan-Neftçala magistral su kəmərinin tikintisini; Quba-Qusar kanalizasiya kollektorunun tikintisini; su sayğaclarının diaqnostikası üçün sexin tikintisini, elektrik və mexaniki avadanlığın təmirini nəzərdə tutur.
Tenderin şərtlərinə görə, şirkətlər qeyd edilən işlərin icra edilməsi üçün lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
Tender üzrə bütün işlər 2012-ci ilin sonuna kimi yerinə yetirilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara: qiymət, işlərin yüksək keyfiyyəti, analoji işlərin icra edilməsində təcrübə, texniki imkanlar və kadr potensialına üstünlük veriləcək.
Tenderdə iştirak üçün dövlət rüsumu işlərin hər istiqaməti üzrə 300 manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu aprelin 18-də qədər aparılacaq. Tender proseduru aprelin 19-da keçiriləcək.