İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri Rumıniya ilə əməkdaşlıq çərçivəsində Avropa bazarına cıxış imkanı əldə edəcəklər. Bu barədə Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüş zamanı bəyan edib.
“Son illər Rumıniya və Azərbaycan arasında İKT sektorunda əməkdaşlıq genişlənib. Əminəm ki, Rumıniyanın UTİ və Sweco şirkətləri Azərbaycan bazarında özünə layiqli yer tutacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan şirkətləri həmçinin dünya bazarına çıxış əldə edəcək”, - RİTN-in məlumatında Ə.Abbasovun sözlərindən sitat gətirilir.
Y.Fota öz növbəsində, Azərbaycanın İKT sahəsində istehsal etdiyi məhsulların Rumıniya vasitəsilə Avropa bazarlarına çıxışı üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib. “Həmçinin kibertəhlükələrin baş qaldırdığı bir zamanda kibertəhlükəsizlik məsələləri böyük məna kəsb edir. Rumıniyada bu sahədə kompleks tədbirlər həyata keçirilir. Buna görə, iki ölkə arasında bu sahədə də əməkdaşlıq vacibdir”, - deyə müşavir əlavə edib.
Y.Fota həmçinin vurğulayıb ki, iki ölkə arasında İKT sektoru da daxil olmaqla bütün sahələrdə uğurlu əməkdaşlıq müşahidə edilir.