“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının işlənilməsi və Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşası üzrə podratçı şirkətlər 2011-ci ildə $1 mlrd. 218 mln. məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2010-cu ilin göstəricisindən 18,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən 13 birgə müəssisə $378 mln., 25 dövlət müəssisəsi $37 mln., 204 kiçik və orta müəssisə $281 mln., BP-nin Azərbaycandakı layihələri üzrə xarici şirkətlər isə $522 mln. məbləğində sifariş yerinə yetiriblər”,- deyə mətbuat xidmətindən bildirilib.
2011-ci ildə sosial layihələrin həyata keçirilməsinə investisiya qoyuluşları $3,12 mln. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), “Hess” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), Itochu (4,3%), Azərbaycanın SOCAR (11,6461%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TOTAL” (10%) və “TPAO” (9%) şirkətləridir.
BTC layihəsinin iştirakçıları: BP (30.1%); SOCAR (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); Eni (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), TOTAL (5.00%) və Amerada Hess (2.36%) şirkətləridir.