Viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların başlanması Azərbaycan-Avropa Birliyi münasibətlərində yeni dövrün əsasının qoyulmasını göstərir. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə cümə axşamı Bakıda danışıqların başlanmasından əvvəl bildirib.
"Bizim bu danışıqlardan böyük gözləntilərimiz var və ümid edirik ki, bu gözləntilər özünü doğruldacaq", - deyə M.Məmmədquliyev qeyd edib.
Nazir müavininin sözlərinə görə, viza rejiminin sadələşdirilməsi Azərbaycanın Avropa məkanına inteqrasiyasını asanlaşdıracaq. "Biz istəyirik ki, saziş daha çox vətəndaşı əhatə etsin”, - deyə o bildirib.
Danışıqlarda AB nümayəndə heyətinə beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və viza siyasəti bölməsinin rəhbər müavini Diderik Palman başçılıq edir.