Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Mərkəzi Bankının (AMB) respublikanın bank sektorunun sabitliyinin və dayanıqlığının təmin edilməsi istiqamətində fəaliyyətini müsbət qiymətləndirir. Bu barədə AMB-nin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov AYİB-in maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseyman ilə görüşüb.
Görüşdə E.Rüstəmov vurğulayıb ki, AMB və AYİB Azərbaycanın bank sisteminin inkişafına yönəldilmiş bir sıra layihələri uğurla həyata keçirib.
N.Tesseyman öz növbəsində bildirib ki, AMB qlobal maliyyə böhranı dövründə Azərbaycanın bank sisteminə dəstək verib, antiböhran tədbirləri həyata keçirib və post -böhran dövrü üçün başlıca məqsədləri müəyyən edib ki, bu da respublikanın bank sektorunun sabitliyini və dayanıqlığını təmin etməyə imkan verəcək.
Görüşdə Azərbaycan hökuməti və AYİB arasında gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.