Azərbaycan deputatı Etibar Hüseynov Nobel Sülh Mükafatının təsisçilərinə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovu bu mükafatdan məhrum etmək xahişi ilə müraciət edib.
“Sovet qoşunlarının 1990-ci il yanvarın 20-də Bakıda törətdiyi qırğına görə M.Qorbaçov məsuliyyət daşıyır. Həmin gün respublikaya müstəqillik verilməsini dəstəkləyən kütləvi nümayişlərin qarşısını almaq məqsədi ilə SSRİ-nin keçmiş rəhbəri M.Qorbaçovun əmri ilə ağır hərbi texnika və müxtəlif qoşun növləri xəbərdarlıq edilmədən Bakıya daxil edilib. Yalnız Bakı şəhərində 130-dan çox insan öldürülüb, 700 nəfərdən çoxu yaralanıb, 328 nəfər əlil olub. Bu günə kimi 400 nəfərin – qadın, qoca və uşaq, azərbaycanlı, rus, tatar, yəhudilərin taleyi məlum deyil”, - deyə E.Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, şənbə günü M.Qorbaçovun 81 yaşı tamam olur. “Bu müraciət – mən tərəfindən, Bakının Yasamal rayonundan olan deputat kimi, harada ki, 1990-cı il 20 yanvar tarixində 40 nəfərdən çox insan şəhid olub, özünəməxsus sürprizdir”, - deyə parlament üzvü bildirib.
E.Hüseynov vurğulayıb ki, M.Qorbaçovu 1990 –cı il Nobel Sülh Mükafatından məhrum etmələri barədə müraciəti Norveç Nobel Komitəsinin sədri Tyornborq Yanqland, Norveç parlamentinin sədri Terye Andersen, İsveç kralı XVI Karl Qustav, Norveç kralı V Harold və Nobel ailəsinin üzvlərinə göndərib.
Müraciətdə E.Hüseynov yalnız Bakıda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında, xüsusilə, 1986-cı il dekabrın 17-18-də Alma-Atada, 1989-cu il aprelin 9-da Güsrüstanın paytaxtı Tiflisdə, 1990-cı il yanvarın 20-də Bakıda, həmin ilin yanvar ayında Düşənbədə, 1991-ci il yanvarın 13-də Vilnusda, 1991-ci il yanvarın 20-də Riqada baş verən repressiya və qırğın faktlarını qeyd edir.
“Bütün bu münaqişələrin səbəbi xalqların müstəqillik qazanmaq arzusu olub, lakin
bütün bunlara baxmayaraq, M..Qorbaçov hakimiyyəti və SSRİ-ni qoruyub saxlaya bilməyib. Sizcə, belə bir insan mühüm elmi araşdırmalar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına böyük töhfələrə görə verilən ən nüfuzlu beynəlxalq mükafatlardan birinə layiqdirmi? Ümid edirəm ki, bütün bu faktları və həmçinin Nobel ailəsinin Bakı ilə bilavasitə bağlılığını nəzərə alaraq siz ədalətli qərar qəbul edəcəksiniz və M.Qorbaçov bu mükafatdan məhrum ediləcək”, - deyə E.Hüseynov qeyd edir.
Parlament üzvü həmçinin bildirib ki, Vilnusda 1991-ci il 13 yanvar hadisələri zamanı həlak olan azadlıq müdafiəçisi Yuozas Povilaytisin oğlu Robertas Povilaytis Nobel Komitəsinə analojı xahişlə müraciət edib.
Həmçinin 1989-cu il aprelin 9-da Tiflisdə etiraz aksiyasının qarşısının alınması zamanı zərər çəkənlərin komitəyə müraciəti üzərində iş aparılır.