İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Yasamal rayonunda fiziki şəxs Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının istehsalında pozuntu aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“İstehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Qanun pozuntuları ilə əlaqədar şərq şirniyyatları istehsalının dayandırılması və ticarət şəbəkəsinə paylanmış 261 kq şirniyyatın geri yığılması barədə Dövlət Xidməti tərəfindən Z.Hüseynovaya icrası məcburi göstəriş verilib.