2011-ci ildə Daşkəsən rayonunda məhsul istehsalı 19% artıb. Bu barədə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev cümə günü rayonun sosial-iqtisadi inkişafının ötən ilki göstəriciləri barədə danışarkən məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun xəbər verdiyi kimi, Ə.Abıyev qeyd edib ki, ümumilikdə rayon üzrə 278 yeni, 500 mövsümi iş yeri açılıb. 820 ailə ünvanlı sosial yardım alıb, orta əmək haqqı 313 manat təşkil edib.
İcra Hakimiyyətinin başçısı bildirib ki, rayonda 16 yaşayış binası, mərkəzi rayon xəstəxanası üçün yeni bina və orta məktəb binası tikilib. Bununla yanaşı, rayon Statistika İdarəsinin inzibati binasının və Bayan kəndində məktəb binasının tikintisi davam edir.
2011-ci il ərzində rayon əhalisinin sayı 394 nəfər artaraq 34 min nəfər təşkil edib.