Naxçıvan Muxtar Respublikasının ərazisində martin 4-dən 5-nə keçən gecə bərk qar yağması müşahidə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya İdarəsindən məlumat verilib.
“Güclü qar saniyədə 18-20 metr sürətlə qərb küləyi ilə müşayiət olunub. Ən çox yağıntı miqdarı Culfa rayonunda düşüb. Burada qar örtüyünün hündürlüyü 28 santimetrə, Naxçıvan şəhərdə – 18 santimetrə çatır”, - deyə idarədən qeyd ediblər. Məlumata əsasən, gündüz saatlarında MR-nın ərazisində havanın temperaturu müsbət 6-11-ə yüksələcək, buna görə qar əriyəcək. “Gecə saatlarında temperaturun mənfi 4-9 dərəcəyə şaxtaya qədər azalması gözlənilir, bunun nəticəsində yollar buz bağlayacaq”, - deyə idarədən əlavə ediblər.
Muxtar Respublikanın dağlıq rayonlarının icra strukturlarından alınan məlumata görə, səhər saatlarında avtomobil yoluna qardan təmizlənib və ən ucqar dağlıq kəndləri ilə avtomobil yolu bərpa edilib.
Agentliyin regional bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən verilən məlumata görə, dünən gecə Naxçıvan şəhərinin elektrik enerjisi ilə təchizatında yaranan fasilələr tamamilə aradan qaldırılıb və hazırda MR-nın ərazisində bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. MR-nın ərazisində təbii qazın təchizatında problemlər yaranmayıb.