Nazirlər Kabineti «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının (BOKT) müraciətlərinə baxılması Qaydası»nı təsdiqləyib. Bu barədə “İntertfaks-Azərbaycan”agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydaya əsasən, Gömrük Məcəlləsinə müvafiq olaraq gömrük borcları bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan bank və BOKT-ların qarantiyası ilə təmin olunur.
Reyestrə daxil olmaq üçün kredit təşkilaları DGK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər: Reyestrə daxil olmaq haqqında müvafiq ərizə; son il üçün maliyyə hesabatı; fəaliyyət göstərmək üçün lisenziyanın surəti, xarici auditin nəticələrinin surəti; minimal kapital üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) normativlərinə uyğunluq , likvidlik barədə məlumat.
DGK-də xüsusi komissiya bank və BOKT-ların müraciətlərinə 30 gün ərzində baxacaq.
Qayda qarantiyaların maksimal hədlərini müəyyən edir.
Qaydaya əsasən, bankın nizamnamə kapitalının həcmi AMB-nin minimal tələblərinə ekvivalentdirsə, onda bir qarantiya üzrə öhdəliyin miqdarı $250 min (ümumilikdə belə qarantiyalar üzrə - $500 min) təşkil edir. BOKT üçün bir qarantiya üzrə öhdəliyin miqdarı $50 min təşkil edir.
Əgər bankın və BOKT-un nizamnamə kapitalı kapital üzrə minimal tələblərdən 1,5 dəfə çoxdursa, onda bir qrantiya üzrə öhdəliyin miqdarı müvafiq olaraq $500 min ($1 mln.) və $100 min təşkil edir.
Əgər kredit təşkilatının nizamnamə kapitalı minimal tələblərdən 2 dəfə çoxdursa, bir qarantiya üzrə öhdəliyin miqdarı müvafiq olaraq $1 mln.( $2 mln.) və $150 min təşkil edir.
Azərbaycanda Gömrük Məcəlləsi yeni redaksiyada 2012-ci il yanvarın 1-dən qüvvəyə minib.