Azərbaycan və Cənubi Afrika Respublikası (CAR) arasında energetika sahəsində əməkdaşlığı genişləndirmək lazımdır. Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Pretoriyada bu ölkənin enerji naziri Elizabet Dipuo Peters ilə keçirilən görüş zamanı belə söyləyib.
E.Dipuo E.Poluxovu səfirliyin açılması münasibəti ilə təbrik edib və bunun ölkələr arasında ikitərəfli, o cümlədən də enerji sahəsində münasibətlərin intensiv inkişafına kömək edəcəyinə inandığını bildirib.
Səfir öz növbəsində nazirə minnətdarlığını bildirib və ölkələr arasında müxtəlif sahələrdə, xüsüsən də enerji sahəsində münasibətlərin dərinləşməsi üçün çalışacağını, bu əməkdaşlığın hər iki ölkə üçün vacib olduğunu qeyd edib.
Afrikalı nazir CAR-ın Azərbaycanın təcrübəsindən bəhrələnməkdə maraqlı olduğunu və bunun üçün müxtəlif birgə layihələrin gerçəkləşdirilməsinin və bu istiqamətdə intensiv işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.