Avropa Tələbələr Birliyinin (ATB) nümayəndə heyəti bu həftə Bakıya başlayan səfər zamanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ ) ilə əlaqələri genişləndirmək niyyətindədir. Bu barədə ATGTİ-nin mətbuat xidməti çərşənbə axşamı məlumat verib.
Azərbaycana səfər çərçivəsində ATB-nin nümayəndə heyəti ölkədə həyata keçirilən dövlət gənclər siyasəti və təhsil sistemi sahəsində aparılan islahatlarla tanış olacaq.
Bununla yanaşı, ATB-nin nümayəndə heyəti ATGTİ, Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), “İrəli” İctimai Birliyi və bir sıra digər qeyri-hökumət təşkilatları (QHT) ilə görüşlər keçirəcək.
Nümayəndə heyəti müsbət rəy verərsə, ATGTİ ATB-nin tamhüquqlu üzvü olacaq.
ATB-nin tərkibinə 38 ölkədən 45 tələbə təşkilatı daxildir.
ATB nümayəndələrinin Azərbaycana səfəri 2012-ci il martın 11-nə qədər davam edəcək.
Avropalı qonaqlar səfərin birinci günü ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, şəhidlərin xatirəsini anıblar.