ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri gələn ay Azərbaycan və Ermənistana növbəti səfər edəcəklər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədyarov məlumat verib.
“Biz danışıqları davam etdirəcəyik və çox ehtimal ki, növbəti ay artıq istiqamətlər üzrə (danışıqların – İF-Az.) müəyyən plan olduğu halda bir daha görüşəcəyik”, - deyə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Bakıda keçirilən işgüzar nahardan sonra çərşənbə axşamı jurnalistlərə bəyan edib.
“İstiqamət barədə bildirmək istərdim ki, biz Ermənistanla razılığa gələ bilmədiyimiz prinsiplər üzərində işi davam etdirməliyik. Seçkilərdən sonra (Ermənistanda – İF-Az.) danışıqlar prosesində hər hansı bir irəliləyişə nail olmaq üçün bu prinsiplərin üzərində işi davam etdirəcəyik”, - deyə nazir əlavə edib.
E.Məmmədyarov məlumat verib ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Robert Bratke (ABŞ) və Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin hazırkı səfəri zamanı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları və istiqamətləri” müzakirə edilib. "Biz söhbət zamanı danışıqlar prosesində hazırki vəziyyəti qiymətləndirdik”, - deyə o qeyd edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.