Bu il Samux rayonunda torpaqların suvarılması məqsədi ilə su təchizatında problem olmayacaq. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Samux rayonunda yaz suvarma işlərinin aparılması üçün su təchizatı sistemi tam qaydaya salınıb”, - deyə rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Gülağa Bağırov bildirib.
Onun sözlərinə görə, idarənin balansında 464 subartezian quyusu, 25 nasos stansiyası, 65,5 km təsərrüfatlararası və 660 km təsərrüfatdaxili kanallar var ki, bu da 22,780 min hektar sahəni su ilə təmin etməyə imkan verəcək.
“Hər il quyuların ümumi sayına 2-3 quyu və 5 təsərrüfatdaxili kanal əlavə olunur”,- deyə o qeyd edib.
Həmcinin, bildirilib ki, idarə yaz mövsümündə çay və kanalların lildən təmizlənməsi ilə məşğul olur.