İqtisadi inkişaf naziri Şahin Mustafayev və Tacikistan prezidenti İmoməli Rəhmon arasında keçirilən görüşdə iqtisadi əməkdaşlığın hazırki vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin Tacikistana səfəri çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilib. İclasa Ş.Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Şərif Rahimzoda həmsədrlik ediblər.
Ş.Mustafayev bildirib ki, Azərbaycan Tacikistan kimi ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə böyük diqqət ayırır. “İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza və böyük potensial var”, - deyə nazir söyləyib.
Şərif Rahimzoda qeyd edib ki, Tacikistan da ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır və əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
İclasda ölkələr arasında İKT, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı, eləcə də iş adamları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
İclasın sonunda Ş.Mustafayev və Ş.Rahimzoda iclasın yekunlarına dair Protokol imzalayıblar.
Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və “Det-Al" Alüminium Kompleksinin əməkdaşları daxil idi.