2011-ci ildə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin ünvanına (Ombudsman) əmək hüquqlarının pozulması ilə bağlı 1246 şikayət daxil olub. Bu barədə Ombudsman Elmira Süleymanova 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı çərşənbə günü Milli Məclisə təqdim edərkən bəyan edib.
“Ötən il əmək hüquqlarının pozulması ilə əlaqədar şikayətlərin sayı 2010-cu illə müqayisədə artıb”,- deyə E.Süleymanova bildirib.
Onun sözlərinə görə, şikayətlər əsasən əmək müqaviləsi bağlamadan işə qəbul, əmək müqaviləsinin şərtlərinə əməl edilməməsi, əmək haqlarının gecikdirilməsi və ya düzgün hesablanmaması, işçinin onun razılığı olmadan öz hesabına uzun müddətli, ödənişsiz məzuniyyətə göndərilməsi, lazımi əmək şəraitinin olmaması, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub. “Belə bir təcrübə yayılıb ki, işçi giya öz istəyi ilə işdən azad edilirsə, o, yeni iş tapmaq imkanından məhrum olur”, - deyə o bildirib.
Bununla əlaqədar olaraq, E.Süleymanova işçilərin əmək hüquqlarının daha effektiv qorunması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığı genişləndirməyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələrin aparılmasını, eləcə də iş yerlərində monitorinqlərin keçirilməsini tövsiyə edir.
“Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanunu parlament tərəfindən 2001-ci il dekabrın 28-də qəbul edilib. 2002-ci il iyulun 2-də Elmira Süleymanova ölkə parlamenti tərəfindən Azərbaycanın Ombudsmanı təsdiq edilib. Ombudsman 2004-cü ilin mart ayında ilk dəfə parlamentdə hesabat verib.