Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (İB) abonentlərə bir sıra xidmətlər üzrə güzəştli qiymətlər təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, 2012-ci il martın 7-dən aprelin 1-nə qədər abonentlərə ikinci stasionar telefon xətti 50% güzəştli tariflə çəkiləcək.
Qeyd olunan müddətdə təşkilatlar üçün hər virtual nömrənin qiyməti IAD (Integrated Access Device) avadanlığının dəyəri tam ödənilməklə 20 manat, CDMA şəbəkəsinə qoşulma isə pulsuz olacaq.
Bundan başqa, abonentlər internetə pulsuz qoşulma imkanı əldə edəcəklər. Yeni abonentlər üçün 1Mbit/s sürətlə İnternet şəbəkəsinə limitsiz qoşulmanın bir aylıq dəyəri 15 manat, 2Mbit/s - 20 manat, 3Mbit/s isə 25 manatdır.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi RİTN-in strukturuna daxildir və Bakı ərazisində abonentlərə xidmət göstərir.