Azərbaycan Maliyyə Nazirliyi “Fidan Sığorta” şirkətinin fəaliyyət üzrə lisenziyasını ləğv edib. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi 2011-ci ilin avqust ayında “Fidan Sığorta” şirkətinin 6 ay müddətinə “maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə normativ tələblərə riayət etmək haqqında sığorta nəzarəti orqanının təlimatlarının şirkət tərəfindən yerinə yetirilməməsi ilə bağlı” lisenziyasının müddətini dayandırıb.
“Fidan Sığorta” şirkəti müəyyən edilən müddətdə mövcud çatışmazlıqları aradan qaldırmayıb və bunun əsasında 2012-ci il 6 mart tarixindən etibarən onun sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib”, - deyə məlumatda qeyd edilir.
Beləliklə, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət üzrə lisenziyaya malikdirlər.
“Fidan Sığorta” ASC 1994-cü ilin aprelində Azərbaycanda sığorta fəaliyyəti üçün lisenziya alıb. İki fiziki və bir hüquqi şəxs onun səhmdarıdır.
2011-ci il ərzində şirkətin tədiyə yığımı 274,651 min manat, ödəmələri – 206,422 min manat təşkil edib.