Azərbaycan GSM operatoru “Azerfon” şəbəkə xidmətinin müasirləşdirilməsinə $85 mln. vəsait qoyub. Bu barədə şirkətin məlumatında bildirilir.
“Şəbəkənin genişləndirilməsinə vəsaitlərin qoyuluşu şirkətə “Sahil”, “Nəsimi”, “28 May”, “Memar Əcəmi”, “Azadlıq” və “Dərnəgül” metro stansiyalarında ilk olaraq 3G xidmətləri istifadəyə verməyə imkan yaradıb. Bununla belə, metroda şəbəkənin genişləndirilməsi “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə hazırlığın bir hissəsidir. May ayına qədər 3G xidmətləri yalnız bütün stansiyalarda deyil, həmçinin metropolitenin tunellərində də tətbiq ediləcək”, - deyə məlumatda qeyd edilir.
2012-ci ilin may ayına planlaşdırılan şəbəkənin müasirləşdirməsinin başa çatması ilə şirkət Azərbaycanda 4G şəbəkəsini istifadəyə verəcək.
“Azerfon” MMC 2007-ci il martın 21-dən “Nar Mobile” ticarət markası altında kommersiya fəaliyyətinə başlayıb. Hazırda “Nar Mobile”-ın 400 mindən artıq müştərisi 3G xidmətlərindən istifadə edir. Şirkətin 1,6 mln.-dan çox abunəçisi var.