Baki polisi “Eurovision - 2012” müsabiqəsinin qonaqlarının və iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üzrə Rusiya, Ukrayna və Almaniyanın təcrübəsini öyrənir. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı məlumat verib.
“Rusiyanın təcrübəsi daha ətraflı öyrənilir və artıq bununla əlaqədar olaraq bu ölkənin rəsmi nümayəndələri ilə görüşlər təşkil edilib”, - deyə N.Məmmədxanlı “Polis” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, may ayında Bakıda “Eurovision- 2012” müsabiqəsinin keçirilməsi ilə əlaqədar xüsusi təhlükəsizlik konsepsiyası hazırlanıb. “Bu konsepsiya Avropa Yayım Birliyinin təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələri tərəfindən də müsbət qiymətləndirilib”, - deyə o söyləyib.
N.Məmmədxanlı qeyd edib ki, ümumilikdə, müsabiqə zamanı polis gücləndirilmiş iş rejimində çalışacaq. Bakı polisinin təxminən 30%-i “Eurovision-2012”də təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək.
Eldar Qasımov və Nigar Camalın (Ell/Nikki) Düsseldorf şəhərində keçirilən “Eurovision -2011” müsabiqəsində qələbəsindən sonra Azərbaycan müsabiqəni keçirmək hüququ qazanıb.