Maliyyə Nazirliyi təhsil və səhiyyə sahələrinin büdcədən maliyyələşdirilmə mexanizmini təkmilləşdirməyi planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov kollegiyanın geniş tərkibli iclasında bəyan edib.
Maliyyə Nazirliyinin məlumatında qeyd edilir ki, kollegiyanın iclası 2011-ci ilin yekunlarına, 2012-ci ilə olan vəzifələrə və 2013-cü ilin dövlət büdcəsinin hazırlanmasına həsr edilib.
“Maliyyə Nazirliyi büdcə prosesinin təkmilləşdirilməsi üzrə işləri, xüsusilə, təhsil və səhiyyə maliyyələşdirilməsini, maliyyələşdirmənin daha müasir prinsiplərinin tətbiqini davam etdirəcək”, - deyə məlumatda maliyyə nazirinin sözlərindən sitat gətirilir.
Kollegiyanın iclasında qeyd edilib ki, 2011-ci ildə Azərbaycanın ümumi büdcəsinin gəlirləri 23,2 mlrd. manat təşkil edib və plan tapşırığı 116% yerinə yetirilib, xərcləri - 17,6 mlrd. manat təşkil edib və 94,4% yerinə yetirilib. Ötən il dövlət büdcəsinin gəlirləri 15,7 mlrd. manat təşkil edib və 100,9% yerinə yetirilib, xərcləri –15,4 mlrd. manat təşkil edib və 96,6% yerinə yetirilib.
S.Şərifov vurğulayıb ki, Maliyyə Nazirliyi qarşısında duran ən vacib məsələlərdən biri 2013-cü və 2014-2016-cı illər üçün dövlət büdcəsinin və ümumi büdcənin vaxtında və keyfiyyətli hazırlanmasıdır. Büdcə göstəricilərinin hazırlanması zamanı Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda verdiyi tapşırıqlar nəzərə alınmalıdır.
Xüsusilə, məqsədli dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən bunun üşün lazımi həcmdə vəsaitin ayrılması üzrə təkliflər hazırlanmalıdır. Bu sosial məsələlərin həllinə, əhalinin rifahının artırılmasına, müdafiə potensialının gücləndirilməsinə, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekologiya təhlükəsizliyinin təminatına, regionların inkişafının tarazlaşdırılmasına, sahibkarlığın dəstəklənməsinə və iqtisadiyyatın digər vacib sahələrinin inkişafına yönələn proqram və tədbirlərə aiddir.
Maliyyə Nazirliyinin kollegiyası həmçinin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin keçirdiyi Təhsil Nazirliyi sistemində məktəbəqədər müəssisələrin fəaliyyətinin monitorinqinin nəticələrini, digər məsələləri müzakirə edib.