SOCAR atmosferə atılan səmt qazlarının instrumental monitorinqinin həyata keçirilməsi işlərinə start verib. Bu barədə SOCAR-ın Ekologiya İdarəsindən məlumat verilib.
İşlər “İqlim dəyişmələri haqqında” Cenevrə Konvensiyasının icrası ilə bağlı tədbirlərə müvafiq olaraq həyata keçirilir.
“Monitorinqin aparılması ARDNŞ-də İstilik Effekti Yaradan Qaz mənbələrinin inventarlaşdırılması və bu mənbələr üzrə məlumat bazasının dəqiqləşdirilməsi ilə əlaqədardır. İşlər ARDNŞ-nin “İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər barədə” əmrinə əsasən əməliyyat şirkətləri və müştərək müəssisələrlə birgə aparılır”, - deyə məlumatda qeyd olunur.
İnstrumental ölçmələr Dünya Bankının Qlobal Qaz Yandırmalarının Azaldılması üzrə Tərəfdaşlıq (GGFR) təşkilatının texniki yardımı ilə ARDNŞ-nin Ekologiya İdarəsinə verilmiş xüsusi həssas cihazlar vasitəsi ilə həyata keçirilir.
Monitorinq nəticəsində istismarda olan neft quyularından atmosferə atılmaların qiymətləndirilməsi keçiriləcək, bu atılmaların azaldılması dinamikası müəyyənləşdiriləcək və müvafiq hesabat hazırlanaraq ARDNŞ-ə təqdim ediləcək.