Azərbaycan Respublikası Baş Prokurorluğu banklardan saxta sənədlər vasitəsilə külli-miqdarda kredit almaqda ittiham edilən bir qrup şəxsi zərərsizləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Baş Prokurorluqdan məlumat verilib.
“Müəyyən edilib ki, Ramiz Məmmədov və bir qrup digər şəxs cinayət əlaqəsinə girərək saxta sənədlər vasitəsilə bir neçə bankdan ümumi məbləği 100 min manatdan artıq olan kreditlər götürüblər”, - deyə məlumatda bildirilib.
Dələduzlar ölkənin “Azərneftyağ” Neft Emalı Zavodundan və Nəqliyyat Nazirliyində yüksək əmək haqqı aldıqları barədə saxta arayışlar hazırlayıblar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 320.1 və 320.2 maddələri üzrə (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) cinayət işi açılıb.