Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2011-ci ildə Azərbaycanın 32 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğu quraşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hökumətdən məlumat verilib.
Nəticədə 46 min nəfər içməli su ilə təmin olunub. Ümumilikdə, 2007-2011-ci illərdə Azərbaycanın 20 regionunda yaşayan 350 mindən artıq insan içməli su ilə təmin edilib.
Eləcə də 2011-ci ildə ölkədə ümumi sahəsi 10,5 min hektara bərabər olan ərazidə meşələrin bərpası işləri aparılıb. Ölkə ərazisində meşə örtüyünün bərpa edilməsi məqsədilə gələcəkdə istifadə etmək üçün 26,6 mln. ədəd ting yetişdirilib.
Azərbaycanda xüsusi qorunan ərazilərin ümumi sahəsi 881 mln. hektara çatdırılıb ki, bu da ölkənin ümumi sahəsinin 8,3%-ni təşkil edir və bu göstərici 2003-cü illə müqayisədə 1,6 dəfə yüksəlib.
Ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi məqsədi ilə ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdsaşları tərəfindən 6,391 müraciət əsasında bir sıra ekspertizalar aparılıb.
Balaxanı qəsəbəsində zibil emalı zavodunun ərazisində ildə 200 min ton gücü olan yarımavtomatlaşdırılmış avadanlıq quraşdırılıb. Qurğunun 2012-ci ilin aprel ayında istismara verilməsi planlaşdırılır.
Neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi üzrə aparılan işlər nəticəsində 407,5 hektar sahə təmizlənib.
Ötən il ərzində ətraf mühitin qorunması sahəsində aşkar edilmiş qanun pozuntusu faktları əsasında 2,079 akt və 631 protokol tərtib olunub, ümumi məbləği 4,7 mln. manat olan cərimələr tətbiq edilib ki, bunun da 317,1 min manatı ödənilib.