“Azərsu” ASC Gəncə şəhərində kanalizasiya kollektorunun tikintisi, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün podratçı seçir. Bu barədə ASC-nin məlumatında bildirilir.
Tenderdə iştirak haqqı 100 manat təşkil edir.
İşlər "Açıq Kommunal İnfrastruktur Proqramı II"nin birinci mərhələsi çərçivəsində həyata keçiriləcək.
Tender təklifləri aprelin 27-nə qədər qəbul ediləcək.
Xəbər verildiyi kimi, hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikinti və yenidənqurma işlərinin birinci mərhələsi həyata keçirilir. Birinci mərhələnin dəyəri 54 mln. avro təşkil edir. Almaniyanın “Kreditanstalt fur Wiederaufbau” bankı (KfW) Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi üçün Azərbaycana 37 mln. avro həcmində kredit verilməsi barədə qərar qəbul edib. Bu layihənin həyata keçirilməsi üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 10 mln. avro həcmində qrant, Azərbaycan hökuməti 7 mln. avro ayırıb.
Layihənin birinci mərhələsi üzrə işlərin həyata keçirilmə müddəti iki il təşkil edir.